Haqqımızda

 Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.

1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.

Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.

1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları  yerinə yetirmişdir.

1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.

1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.

Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.

80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.

Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.

Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər  Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.

Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.

Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.

Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.

Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.

1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.

İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Haqqımızda
banner image

Xəbərlər

AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı dəyirmi masa keçirilib

AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı dəyirmi masa keçirilib

İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “BƏT-nin icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda dəyirimi masa keçirilib.Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.S.Möhbalıyev çıxışında icbari əməyin qlobal xarakter daşıdığını və dünyada  21 milyona yaxın insanın icbari əməyin qurbanı olduğunu bildirib: “Bunlardan 880 mini Avropa İttifaqı ölkələrinin payına düşür ki, onların da 90 %-i özəl sektorda çalışanlardır. 68 faizini isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb olunanlar təşkil edir”.Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına ciddi yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir: “Bundan sonra da 105 saylı Konvensiyanın tətbiqi ilə bağlı ətraflı müzakirələr davam etdiriləcək və əsaslı tədbirlər görüləcəkdir. Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-nin 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqət yetirir, Konvensiyada göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir. Əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsində irəliləyişlər nəzərdə tutulur”.“AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi deyildir ki, sosial partnyorlarla imzaladığımız  Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilib”, – S.Möhbalıyev qeyd edib.BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, AHİK-in şöbə müdiri Namiq Hüseynov və digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.Qeyd edək ki, tədbir iki gün (29-30 iyun) davam edəcək.1-9.jpg 123.77 KB2-9.jpg 235.49 KB4-8.jpg 90.36 KB5-6.jpg 80.84 KB6-3.jpg 196.65 KB

29.06.2022

AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib

AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib

İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakıda keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunun iştirakçılarını qəbul edib. Görüşdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qonaqlar iştirak ediblər.S.Möhbalıyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.Onun sözlərinə görə, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.Dövlətimizin təhsil siyasətindən bəhs edən AHİK sədri qeyd edib ki, hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, bu sahədə əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılması və qanuni mənafelərinin qorunması istiqamətində mühüm işlər görür.S.Möhbalıyev UAESEB-nin fəaliyyətini yüksək qiymətləndirib və qurumun Türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrinin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində xidmətlərindən bəhs edib.Səmimi qəbula görə təşəkkür edən UAESEB-nin və Türk Egitim-Senin sədri Talip Geylan Azərbaycanda olmağından, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O həmçinin ötən gün baş tutan UAESEB-nin XIV Forumunu və qəbul olunan Yekun Bəyanatı yüksək dəyərləndirib, bunun Türkdilli ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.1-8.jpg 133.19 KB2-8.jpg 109.22 KB3-8.jpg 130.2 KB4-7.jpg 128.13 KB

29.06.2022

Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib

Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib

İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətləri iştirak ediblər.Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.Şəhidlər xiyabanına gələn Forum iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.Sonra Forum öz işinə başlayıb. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqələlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və  ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir: “Hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir, yeni strateji layihələr qəbul olunur. Həmçinin təhsil sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması da daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Hər il dövlət büdcəsində təhsilə ayrılan vəsaitin miqdarı əhəmiyyətli şəkildə yüksəlir, təhsil işçilərinin əməkhaqları artırılır.ATİAHİ RK-nın fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, təhsil sektorunda çalışan işçilər və təhsilalanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılmasında və qanuni mənafelərinin qorunması ilə bağlı müəyyən etdiyi məqsədlərə nail olmaq üçün Azərbaycan Təhsil Nazirliyi ilə də yaxından əməkdaşlıq edir. Həmçinin təşkilat həmkarlar ittifaqı üzvlərinə daha yaxşı xidmət edə bilmək üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanır.S.Möhbalıyev bildirib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir: “Bu birlik 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Ümid edirik, bu təşkilatın  sıraları daha da genişlənəcək və tez bir zamanda Özbəkistan və Türkmənistanın, eləcə də digər qardaş ölkələrin həmkarlar ittifaqı təşkilatları da bu quruma qoşulacaq. Bu birliyin yaradılması türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. Əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərir və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilib”.S.Möhbalıyev bildirib ki, bu gün türkdilli ölkələr arasında çox yaxın münasibətlər var. Bu ölkələr bir birinə yaxından dəstək verir. Azərbaycan olaraq biz bu dəstəyi II Qarabağ savaşında bir daha gördük.AHİK sədri UAESEB-in XIV Forumun fəaliyyətinə uğurlar arzulayıb.Sonra tədbirdə Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən bəhs edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. O bildirib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.O, Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsini bütün Türk dünyasının parlaq qələbəsi adlandırıb. Qeyd edib ki, Türk dövlətlərinin heç bir ölkənin torpaqlarında gözü yoxdur: “Biz bunu 44 günlük Vətən müharibəsində da gördük. Azərbaycan Ordusu dünya ölkələrinin təzyiqlərinə baxmayaraq, qəhrəmanlıq göstərərək tarixi Zəfərə nail oldu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır! Ermənistan gərək bundan sonra normal qonşuluq siyasətini davam etdirsin. Əks halda, özünə problem yaradacaq”.Digər çıxış edənlər – Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Bütün çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış qələbə münasibətilə azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb və bunu Türk dünyasının şanlı tarixi adlandırıblar.Tədbirin sonunda UAESEB-nin XIV Forumunun yekun Bəyanatı səsə qoyularaq qəbul edilib.1-7.jpg 201.94 KB2-7.jpg 213.54 KB3-7.jpg 192.93 KB4-6.jpg 157.54 KB4A.jpg 232.06 KB4B.jpg 113.92 KB5-4.jpg 157.42 KB6-2.jpg 101.16 KB

28.06.2022

“Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

“Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının  qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”. AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası  məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.1-2 (1).jpg 773.16 KB2-2.jpg 1020.6 KB3-2.jpg 744.62 KB4-1.jpg 856.74 KB

20.06.2022

Keçidlər

Qalereya

Videolar

Bizimlə əlaqə

Bizimlə əlaqə üçün aşağıdakı məlumatlardan istifadə edin

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo